ELM VƏ TƏHSİL
ADU-da amerikalı tələbələr üçün təşkil olunan yay məktəbi başa çatıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya-Resurs Kompleksində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək üçün ADU-da təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirilib.
ADU-dan AZƏRTAC–a bildiriblər ki, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova səkkizinci yay məktəbinin öz işini uğurla başa vurduğunu söyləyib. Bu proqramın Azərbaycanın tanınması və təbliği istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran prorektor amerikalı tələbələrin ölkəmiz haqqında müəyyən təəssüratlara malik olduqlarını qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Emi Peterson müəllim və tələbələri yay məktəbinin uğurla yekunlaşması münasibətilə təbrik edib. Belə təhsil əlaqələrinin dövlətlərarası münasibətlərin dinamik inkişafına təkan verdiyini söyləyən E.Peterson səfirliyin ADU ilə əməkdaşlığını dəstəklədiyini vurğulayıb.
Amerikalı tələbələr Azərbaycan ilə bağlı təəssüratlarını ana dilimizdə bölüşərək xalqımızın qonaqpərvər olduğunu, tədris prosesindən razı qaldıqlarını, proqram bitdikdən sonra da bu dili öyrənməyə davam edəcəklərini və bu məqsədlə ölkəmizə yenidən qayıtmaq istədiklərini söyləyib, müəllimlərinə hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, yay məktəbi intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edib. Amerikalı tələbələr səkkiz həftə ərzində Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin tarixi, coğrafiyası, iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti, musiqisi, hətta mətbəxi barədə biliklərə sahib olublar.
Önəmli Dil Təqaüdü tələbələri sırasına Azərbaycan dilini ilkin, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr qatılıblar. Proqrama əsasən Azərbaycan dilini, mədəniyyətini, rəqsini və mətbəxini öyrənməklə yanaşı, amerikalı tələbələrin şəhərin görməli yerləri ilə, həmçinin muzeyləri, teatrları, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, maddi mədəniyyət abidələri və dini yerlərlə tanış olublar.