ELM VƏ TƏHSİL
ADU-da türk dilini öyrənən amerikalı tələbələrin yay məktəbi başa çatıb
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı çərçivəsində türk dilini öyrənmək məqsədi ilə ölkəmizə gələn amerikalı tələbələr üçün nəzərdə tutulan yay məktəbinin bağlanış mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin proqrama ev sahibliyi etdiyini söyləyən bu təhsil ocağının beynəlxalq əlaqələr üzrə prorektoru, Önəmli Dil Təqaüdü (CLS) proqramının direktoru, professor Jalə Qəribova ilk dəfə türk dilini öyrənmək məqsədilə yay məktəbində iştirak edən amerikalı tələbələri təbrik edib. O, proqramın əvvəlində bir neçə tələbənin dil bilgisinin başlanğıc səviyyədə olduğunu, lakin iki ay müddətində onların artıq türk dilində danışa bildiklərini diqqətə çatdırıb. Proqramın Türkiyədə davam edəcəyinə ümidvar olduğunu deyən J.Qəribova layihənin reallaşmasında əməyi keçən hər kəsə, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyinə, amerikalı tələbələrin müəllimlərinə və onlara valideynlik edən ailələrə minnətdarlığını bildirib.
ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Bryan Furman uğurlu bir yay məktəbinin yekunlaşdığını və türk dilini öyrənməklə yanaşı, amerikalı tələbələrin Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olduğunu vurğulayıb.
Amerika Şurasının ölkə üzrə direktoru Jodi Blankenship proqram çərçivəsində müxtəlif ekskursiyaların təşkil edildiyini qeyd edib və bu layihənin amerikalı tələbələr üçün yaxşı təcrübə olduğunu deyib.
Amerikalı tələbələrin rezident direktoru Catherine Bobbitt belə bir proqrama ev sahibliyi etdiyinə görə ADU-nun rəhbərliyinə və onlara valideyn kimi qayğı göstərən ailələrə minnətdarlığını bildirib. O, gəzintilərlə zəngin olan bu proqramda iştirak edən tələbələrin vətənlərinə gözəl xatirələrlə qayıdacaqlarına əminliyini ifadə edib.
Sonra tələbələrə valideynlik edən ailələrdən birinin üzvü Leyla Abdullayeva iki ay ərzində türk dilinin öyrədilməsində və türk mədəniyyətinin aşılanmasında amerikalı tələbələri himayəsinə götürən bütün ailələrin timsalında özünün də əlindən gələn köməyi əsirgəmədiyini vurğulayıb.
Daha sonra tələbələr türk dilində hazırladıqları şeirləri və mahnıları səsləndiriblər, rəqslər nümayiş etdiriblər. Həmçinin, proqram çərçivəsində təşkil edilən müxtəlif gəzintilər ilə bağlı videoçarxlar təqdim olunub, hədiyyələr paylanılıb, fəal iştiraklarına görə seçilən amerikalı tələbələr isə şəhadətnamə ilə təltif ediliblər.