ELM VƏ TƏHSİL
ADU-nun əməkdaşları Çində beynəlxalq seminarda iştirak ediblər
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və təlimdə innovasiyalar kafedrasının müəllimi Fatma Qurbanzadə Çində “Bir cığır, bir yol üzərində inkişaf etməkdə olan ölkələrdən müəllimlər üçün seminar”da (Seminar for Teachers from developing Countries along the One Belt One road) iştirak ediblər.
Çin Xalq Respublikası Ticarət Nazirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Çinin Ninqbo Politexnik Universitetinin (NPU) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama, Misir və Vanuatudan olan nümayəndələr müxtəlif mövzularla bağlı çıxış ediblər. NPU-da N.Zeynalova “Azərbaycanda təhsil sistemi”, F.Qurbanzadə isə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzularında mühazirə oxuyublar.
Seminar iştirakçıları Siamen, Şanxay şəhərlərindəki orta ümumtəhsil müəssisələrində və ali məktəblərdə dərsləri müşahidə ediblər.
Azərbaycan nümayəndə heyəti seminar çərçivəsində NPU-nun prorektoru Cen Yongla görüşüb.
Qeyd edək ki, bir ayadək davam edən seminara “Milli ünsiyyət” (National communication) mövzusunda bağlanış mərasimi ilə yekun vurulub.