ELM VƏ TƏHSİL
ADU-nun nəzdindəki Konfutsi İnstitutunun əməkdaşı Çində keçirilən tərcüməçilik kurslarında iştirak edib
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Xaricdə Çin Dilinin Yayılması üzrə Dövlət Dəftərxanasının Pekin Dillər və Mədəniyyət Universitetində təşkil olunan yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Ukrayna, Özbəkistan və digər ölkələrin təmsil olunduğu kursların təşkilində əsas məqsəd Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarının təkmilləşdirmək olub. Kurs iştirakçıları Çin dilinin müasir prinsipləri və tədrisi metodları ilə tanış olub, Çin diplomatiyası və fəlsəfəsi barədə mühazirələr dinləyiblər, eyni zamanda, bu ölkənin rəssamlıq və xəttatlıq sənəti üzrə ustad dərslərinə qatılıblar.
Kurs çərçivəsində Ə.Balayeva ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfələr həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabının təqdimatını keçirib.
R.Abbasov vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əməkdaşlarının belə yüksək səviyyəli kurslarda iştiraklarının əsas məqsədi ADU-da Konfutsi İnstitutu tərəfindən yaradılmış informasiya bazasını ictimai-siyasi materiallar, rəsmi sənədlərlə zənginləşdirmək, Prezident İlham Əliyevin çıxışlarının Çin dilinə yüksək səviyyədə tərcüməsinə nail olmaqdır.