MƏDƏNİYYƏT
A.Eydelman: Azərbaycanın güclü caz məktəbi və ənənələri var
Moskva, 6 mart, AZƏRTAC
Moskvada azərbaycanlı skripkaçı Anar Yusifov Rusiya paytaxtının “Esse” caz mərkəzində “İlin fəsilləri – fəsillərin cazı” adlı proqramla çıxış edib. “The Moskow Jazz passengers” ansamblı ilə birlikdə təqdim olunan layihə Antonio Vivaldinin “İlin fəsilləri” əsəri əsasında hazırlanıb.
Bu konsertin onun üçün Antonio Vivaldinin yaradıcılığına yeni baxış olduğunu vurğulayan A.Yusifov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Musiqi dünyasında ifaçı çoxdur, yenilik təqdim edən isə azdır. Dinləyici fərqli və yeni musiqi tələb edir. Düşünürəm ki, bu musiqi öz dinləyicisini tapacaq”.
Vivaldinin doğum gününə təsadüf edən konsert proqramı çərçivəsində ifa olunan yeni layihədə musiqiçilər “İlin fəsilləri” əsərinin ideyasını saxlamaqla ona caz elementləri, ritm və improvizasiya əlavə ediblər.
Moskva Caz Art klubun təsisçisi, caz layihələrinin rəhbəri və prodüseri Aleksandr Eydelman Anar Yusifovun konsertini məmnuniyyətlə dinlədiyini bildirib: “Bu gün Anarın təqdimatında yeni layihəni məmnuniyyətlə dinlədim. Anar gözəl məktəb keçmiş peşəkar musiqiçidir. Onu müşayiət edən musiqiçilər də Rusiya caz elitasının nümayəndələridirlər. Azərbaycanın güclü caz məktəbi və ənənələri var. Vaqif Mustafazadə dünya cazının əfsanəsidir. O, Azərbaycan muğamını caza gətirməklə böyük yenilik edib. Əzizə Mustafazadə hazırda dünya şöhrətli caz ifaçısıdır. Mart ayında klubumuzda Vaqif Sadıqovun da konserti planlaşdırılıb. Demək olar ki, bu mart klubumuzda Azərbaycan cazı aylığı adlana bilər”.
1995-ci ildən başlayaraq hər il Moskvada onun rəhbərliyi ilə caz vokal festivalının keçirildiyini vurğulayan A.Eydelman Azərbaycan caz ifaçılarını bu festivalda iştiraka dəvət edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva