MƏDƏNİYYƏT


AFB-də ənənəvi “Açıq qapı” günü

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

Azərbaycan Fotoqrafları Birliyinin (AFB) ənənəvi “Açıq qapı” günü toplantısı təşkil edilib. Toplantıda bir çox məsələlərə toxunulub. Belə ki, iyunun 2-dən 5-dək Türkiyənin Malatya şəhərində baş tutmuş “Beynəlxalq 2-ci Malatya Fotokampı”nda iştirak etmiş AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğlu fotokamp haqqında təəssüratlarını bölüşüb. Kamp müddətində iştirakçıların fotolarından ibarət hazırlanmış qısa videoroliklər nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AFB-nin yeni yaradılmış www.photographer.az  saytının və yeni üzvlük kartının dizaynı Həsən İsmayılov tərəfindən təqdim olunub. Həmçinin yeni “Qızıl nisbət” adlı fotomüsabiqənin koordinatorluğunu öz üzərinə götürmüş Həsən İsmayılov müsabiqə haqqında da ətraflı məlumat verib. Müsabiqə “Archifoth” tərəfindən keçirilir.

Toplantıda, həmçinin iyunun 6-dan 12-dək Başqırdıstan Respublikasında reallaşmış XXVI Beynəlxalq “Başqırdıstan. Təbiət. İnsan. Mədəniyyət-2016” aksiyasının iştirakçısı olmuş Rauf Umudov plenar haqqında öz təəssüratlarını bölüşüb və orada çəkdiyi fotoşəkillərdən ibarət slayd-şounu təqdim edib.

Bundan başqa, Ayxan Əhmədov “Multikulturalizm ili”nə həsr olunmuş “Azərbaycanda multikulturalizm” fotomüsabiqəsi haqqında ətraflı məlumat verib.

Daha sonra isə “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” fotomüsabiqəsi, ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi haqqında danışan Mirnaib Həsənoğlu digər yeni bir layihə olan ASAN Könüllüləri III Yay Məktəbi – Həmrəylik Düşərgəsi adı altında Lahıcda həyata keçiriləcək fototədbir barədə məlumat verib.

Toplantıda keçən ay üçün elan olunmuş “Sirli siluet” mövzusunda müsabiqəsinin qalibləri də seçilib. Səs çoxluğu ilə fotomüsabiqənin qalibləri Toğrul Həsənbəyli, Həsən İsmayılov və Fidan Cəfərova olub. Qaliblərə diplom və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.