İDMAN
AFFA RƏHBƏRLİYİ BİRLİK KUBOKUNUN SAHİBİ - “NEFTÇİ” KOMANDASINI TƏBRİK ETMİŞDİR
“Neftçi” peşəkar futbol klubunun üzvləri ilə görüşmüşdür.
AFFA-nın prezidenti Ramiz Mirzəyev futbolçularımızı hər il Moskvada MDB ölkələri və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilən nüfuzlu turnirdə inamlı qələbə münasibətilə təbrik edərək, bu nailiyyətin bütün Azərbaycan xalqı, ölkədə futbolun inkişafı üçün əhəmiyyətini vurğulamışdır.
AFFA rəhbəri milli futbolun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, beynəlxalq standartlara uyğun olan böyük və kiçik futbol meydanları yaradılmasından danışmışdır. O bildirmişdir ki, Azərbaycan futbolunun uğurları, eləcə də “Neftçi”nin bu qələbəsi, ilk növbədə, dövlətin qayğısı və Prezident İlham Əliyevin futbolun inkişafına böyük diqqət yetirməsi ilə bağlıdır. Bu baxımdan Ramiz Mirzəyev 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair keçən il qəbul olunmuş və ölkə Prezidenti tərəfindən təsdiqlənmiş Dövlət Proqramının əhəmiyyətini xüsusi vurğulamışdır. O demişdir ki, Azərbaycan futbolunun inkişafı üçün göstərilən səylərlə əlaqədar AFFA ölkəmizdə idmanın bu növünü beynəlxalq standartlara yaxınlaşdırmağa çalışır. Son illər ölkəmizdə futbolun inkişafı üçün görülən bütün işlər güman etməyə əsas verir ki, futbolumuz gələcəkdə daha yüksək səviyyəyə çıxacaqdır. “Neftçi”nin parlaq qələbəsi də bunu təsdiq edir.
“Neftçi” nin vitse-prezidenti Ramin Musayev, komandanın baş məşqçisi Ağasəlim Mircavadov tərbiklərə görə AFFA rəhbərliyinə təşəkkür etmiş, futbolun inkişafına dair Dövlət Proqramını, sponsorların cəlb olunmasını, idman kompleksləri tikilməsini, ölkə çempionatların keçirilməsi səviyyəsinin qaldırılmasını, uşaq futbolunun inkişafına diqqətin artırılmasını, maddi-texniki baza yaradılmasını yüksək qiymətləndirmişlər.
Görüşün sonunda “Neftçi” futboçularına hədiyyələr təqdim edilmişdir.