REGİONLAR
AFFA-nın Məşqçilər Komitəsi Gəncədə uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə tanış olublar
Gəncə, 25 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
AFFA-nın Məşqçilər Komitəsi Gəncədə olub, uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribov “Kəpəz” Peşəkar Futbol Klubunda uşaq yaş qruplarında çalışan məşqçilər heyəti ilə görüşüblər.
Son bir ildə ikinci dəfə Gəncəyə gələn qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, ötən müddətdə uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə tanış olublar.
“Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimovun iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə olunub, gələcəkdə görüləcək işlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Gəncə şəhər stadionunun məşq şəraitini və ayrı-ayrı yaş qrupları üzrə komandaların hazırlıq prosesini öyrənib, həmçinin AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan birinciliyinin Gəncə zonası üzrə yarışları izləyiblər.