İDMAN
AFFA prezidenti: Klublarımızın avroliqanın qrup mərhələsinə yüksəlməsi hamımızı sevindirir
Bakı, 26 avqust, AZƏRTAC
AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib.
AZƏRTAC xəbər verir ki, dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da futbol həyəcanı yaşandığını qeyd edən AFFA prezidenti deyib: “UEFA Avropa Liqasının play-off oyunlarını emosiyasız izləmək, nəticələrə sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bu turnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla həyəcan və narahatlığmızı unutdura bildi.
“Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə yeni qələbə sevincləri bəxş etmələrini arzulayıram”.