DÜNYA
ƏFQANISTANDA MİLLİ ORDU YARADILIR
Kabil radiosu mayın 21-də bildirmişdir ki, Əfqanıstanın müvəqqəti hökuməti müqavilə əsasında milli ordu yaradılması haqqında dekret vermişdir. Beynəlxalq sülhyaratma qüvvələri ölkədən getdikdən sonra bu ordu Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsini öz üzərinə götürəcəkdir.
Dekretə görə, 22 yaşından 30 yaşınadək olan əfqanlar orduda xidmətə dəvət edilirlər. Dörd il müddətinə müqavilə imzalandıqdan sonra əsgərlər təlim dövründə ayda 30 dollar, sonra isə 50 dollar alacaqlar. Əfqanıstan əyalətlərinin valiləri orduda xidmət etmək istəyənlərin Kabilə gəlməsini təmin etməlidirlər.
İTAR-TASS-ın yaydığı xəbərə görə, 60 min hərbi qulluqçudan ibarət milli ordu yaradılması müvəqqəti hökumətin müharibənin viran qoyduğu ölkəni bərpa etmək planında əsas bənddir.
Müşahidəçilərin fikrincə, Əfqanıstan ordusunun formalaşması üçün iki ildən beş ilədək vaxt gərəkdir. “Taliban” və “Əl-Qaidə” kimi ekstremist təşiklatların ölkədə peyda olmasının qarşısını ordu ancaq bu müddətdən sonra ala bilər.
İndi Britaniya hərbi mütəxəssisləri Əfqanıstan ordusunun xüsusi batalyonunu hazırlamaqla məşğuldurlar. İyunda bu batalyon Loya cirgəni (tayfa başçıları məclisini) mühafizə edəcəkdir.