DÜNYA
AFR-də yaşayan türklərin əksəriyyəti Türkiyə Konstitusiyasına düzəlişlərin “lehinə” səs verib
Berlin, 17 aprel, AZƏRTAC
Türkiyə Konstitusiyasına düzəlişlər edilməsinə dair referendumda iştirak etmiş Almaniyada yaşayan Türkiyə vətəndaşlarının 63 faizdən çoxu düzəlişlərin lehinə səs verib.
Türkiyənin Anadolu informasiya agentliyi bildirir ki, AFR ərazisində səsvermədə iştirak edənlərin yalnız 36,8 faizi Türkiyədə prezident respublikası rejimi tətbiq edilməsini dəstəkləməyib. Agentliyin məlumatına görə, Almaniyada yaşayan Türkiyə vətəndaşlarının referendumda iştirak göstəricisi təxminən 50 faiz olub.
Almaniyada yaşayan 1,4 milyona yaxın Türkiyə vətəndaşının martın 27-dən aprelin 9-dək referendumda səsvermə hüququ olub. Türkiyənin hakimiyyət orqanları tərəfindən Almaniya ərazisində 13 seçki məntəqəsi açılmışdı.
Avstriyada və Belçikada yaşayan türklər arasında Türkiyədə parlament respublikasından prezident respublikasına keçidin dəstəklənməsi daha çox hiss edilib. Bu ölkələrin hər birində səsvermədə iştirak edənlərin 70 faizdən çoxu Türkiyə prezidentinin səlahiyyətlərini genişləndirən konstitusiya islahatının lehinə səs verib. Danimarka və Niderlandda da səsvermənin nəticələri təxminən eyni olub. Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli siyasətçilərin Niderlandda çıxış etmələri qadağan olunmuşdu.
ABŞ-da və İspaniyada isə vəziyyət tam fərqli olub. Bu ölkələrdə səsvermədə iştirak etmiş Türkiyə vətəndaşlarının 80 faizdən çoxu islahatı dəstəkləməyib.
Almaniyada səsvermə daha artıq əhəmiyyət kəsb edir, çünki başqa ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının sayı xeyli az olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin