CƏMİYYƏT


AGAT Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançılarla görüşləri davam etdirir

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) avqustun 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına dəstək xarakterli “Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası” çərçivəsində yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev və I Avropa Oyunlarının qalibi Rəsul Çunayev ilə görüş keçirib.

AGAT-dan AZƏRTAC-a bildiriblər ki, idmançıların gənclərlə görüşü Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

Görüşdə çıxış edən təşkilatın rəhbəri Nərgiz Xələf bildirib ki, biz bu kampaniya çərçivəsində bütün idmançılara dəstək olmağı qarşımıza məqsəd qoymuşuq: “Düşünürük ki, bizdən gələn alqışlar, bizdən gələn sevgi idmançılarımıza mənəvi-psixoloji baxımdan yardımçı olacaq. Məhz bu nöqteyi-nəzərdən biz onlardan həmişə olduğu kimi qələbələr gözləyirik.”

Daha sonra tədbirə dəvət olunan idmançılar Rəsul Çunayev və Elvin Mürsəliyev çıxış ediblər. Onlar vurğulayıblar ki, xalqımızın və dövlətimizin göstərdiyi etimadı tam doğruldacaqlar. Çünki onların məqsədi dövlətimizi ən ali səviyyədə təmsil etmək və bayrağımızı ucaltmaqla himnimizin səsləndirilməsinə nail olmaqdır.

Qeyd edək ki, kampaniya ilə bağlı AGAT-ın email ünvanına daxil olan 335 nəfər könüllü müraciətindən 110 nəfər könüllü seçim turunu keçib. Kampaniya ərzində ən aktiv könüllülər sertifikatla təltif olunub. Hazırda facebook sosial şəbəkəsində “Rio 2016 Yay Oyunlarına Dəstək Kampaniyası”nın səhifəsi fəaliyyət göstərir.

Kampaniya çərçivəsində iki dəfə Bakı şəhərinin mərkəzində flaşmob aksiyası, kino günləri, müzakirələr və biznes etikası üzrə ekspert, beynəlxalq təlimçi Günel İbrahimin apardığı təlim keçirilib. Layihənin videoçarxının hazırlanması və onun sosial şəbəkələrdə yayılması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.