CƏMİYYƏT


“AICT-2016” beynəlxalq konfransı işini Azərbaycan Texniki Universitetində davam etdirib

A+ A

Bakı, 13 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT-2016) mövzusunda Bakıda keçirilən X beynəlxalq konfrans oktyabrın 13-də işini Azərbaycan Texniki Universitetində davam etdirib.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində keçirilən “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzuları üzrə bölmə iclaslarında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Müzakirələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsil və tədqiqatlarda, biznes və idarəetmədə, səhiyyədə, ictimai və humanitar elmlərdə tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib, bu sahədə əldə olunan nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyaları artıq dünya iqtisadiyyatının ən dinamik və sürətlə inkişaf edən perspektivli sektoruna çevrilib. Ölkəmizdə müvafiq dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə çıxış imkanları yaradılıb.

Bölmə iclaslarında ölkəmizdə həyata keçirilən İKT layihələri, xüsusən “Elektron hökumət” portalı barədə də məlumat verilib. Bu istiqamətdə qabaqcıl dünya təcrübəsindən istifadə edildiyi diqqətə çatdırılıb.

Müzakirələrdə “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr və magistr hazırlığı” TEMPUS layihəsi çərçivəsində görülən işlərdən, turizm sənayesinin inkişafından bəhs olunub. “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı” layihəsinin icrasına başlanıldığı diqqətə çatdırılıb. Hər iki layihənin Azərbaycan Turizm Universiteti, Memarlıq və İnşaat Dövlət Universiteti, Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, beynəlxalq tədbirdə 22 ölkədən 80-dən çox nümayəndə iştirak edir. Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziyanın Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.