SİYASƏT
AIDA Cibuti xalqına göstərilən səhiyyə xidmətlərini yüksəldəcək
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru Əşrəf Şıxəliyev ölkəmizdə səfərdə olan Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ə.Şıxəliyev AIDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası barədə məlumat verib. Tərəflər bu kampaniyanın Cibuti Respublikası üçün əhəmiyyətini qeyd edib, Azərbaycanın bu sahədə töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüşdə Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.