SİYASƏT


AİDA İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev İslam İnkişaf Bankı tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilən “İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi” mövzusunda tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək tədbirin keçirilməsinin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafa yardım agentlikləri arasında informasiya mübadiləsinin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin təşviqidir. Tədbir zamanı AİDA-nın fəaliyyəti haqqında geniş təqdimat keçirilib.

AİDA Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev ilə İslam İnkişaf Bankının prezidenti Bandar Haccar arasında keçirilən görüş zamanı Cənub-Cənub Əməkdaşlığı, Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolu imzalanıb. Sənəddə tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlimlərin, seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AİDA İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının həyata keçirilməsi çərçivəsində əməkdaşlığı davam etdirir. Kampaniyanın 2009-2015-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində 8 Afrika ölkəsində görmə qabiliyyətini tam və ya qismən itirən 50 mindən çox insan ödənişsiz əsasda həyata keçirilən katarakt əməliyyatları nəticəsində sağlamlığına qovuşub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.