İQTİSADİYYAT
“AİTF-2013” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyənin turizm imkanları geniş təqdim olunacaqdır
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də “RİA Novosti” Agentliyinin Beynəlxalq Mətbuat Mərkəzindəki ofisində Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan ilə azərbaycanlı jurnalistlərin görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə müşavirliyin 2013-cü ildə hazırladığı reklam məhsulları və aprelin 4-dən 6-dək Bakıda keçiriləcək “AİTF-2013” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyəni təmsil edəcək şirkətlər haqqında məlumat verilmişdir.
Seyid Əhməd Arslan bildirmişdir ki, artıq 12-ci dəfə keçiriləcək sərgidə Türkiyə 207 kvadratmetr sahədə öz stendlərini yerləşdirəcəkdir. Qeyd olunmuşdur ki, sərgidə Türkiyənin bölgələrinin və özəl sektorlarının turizmini təmsil edəcək 30-dək şirkətindən 80-ə yaxın əməkdaş iştirak edəcəkdir. Sərginin stendlərində məşhur “Möhtəşəm yüz il” serialında təqdim edilən kazaz sənətinin məhsulu olan zinət əşyalarının nümayiş ediləcəyi, həmçinin sərginin davam edəcəyi üç gün ərzində iştirakçılara “Səyyah” adlı tamaşa və Novruz bayramı şənliklərində paylanılan “Mesir” məcununun təqdim olunacağı vurğulanmışdır.
Müşavir martın 15-dən etibarən Türkiyəni daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilən reklam kampaniyalarından söhbət açaraq bu tədbirin üç ay davam edəcəyini demişdir. Bildirilmişdir ki, əsasən Türkiyənin mədəniyyətini və tarixini əks etdirən reklamlar ölkəmizdə 6 televiziya kanalında, 15 informasiya saytlarında, nəqliyyat vasitələrinin üzərində və Bakının küçələrində quraşdırılmış reklam lövhələrində və monitorlarda nümayiş olunur.
Tədbirdə, həmçinin müşavirliyin web-saytının (www.turkiye.az) təqdimatı olmuşdur.
Qeyd edilmişdir ki, saytda Türkiyənin tarixi, mədəniyyəti, turizmi və s. haqqında ətraflı məlumat almaq, eyni zamanda, saytın əlaqə bölməsində müşavirliklə əlaqə saxlamaq olar.
Sonra Seyid Əhməd Arslan jurnalistlərin suallarını cavablandırmışdır.