SİYASƏT
Aİ ölkələrinin ədliyyə nazirlərinin görüşündə Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib
Riqa, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Riqada Latviyanın Avropa İttifaqı Şurasında sədrliyə başladığı vaxtdan ilk dəfə Aİ üzvü olan ölkələrin və Şərq Tərəfdaşlığı dövlətlərinin ədliyyə və daxili işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.
Görüşdə Azərbaycanı daxili işlər nazirinin müavini İsmət Əliyev və ədliyyə nazirinin müavini Azər Cəfərov təmsil ediblər.
Tədbirdə Avropa İttifaqına aid müxtəlif hüquqi məsələlər və Aİ üzvü olan ölkələrlə Şərq Tərəfdaşlığı dövlətləri arasında əməkdaşlığın nəticələri müzakirə olunub.
Latviyanın daxili işlər naziri Rixards Kozlovskis hüquq-mühafizə orqanlarının informasiya mübadiləsi, kadr hazırlığı və qabaqcıl təcrübə mübadiləsi sahəsində institusional potensialının möhkəmlədilməsi üzrə qarşılıqlı əməkdaşlığı davam etdirməyin vacib olmasını vurğulayıb. Nazir qeyd edib ki, Şərq Tərəfdaşlığı dövlətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində bu əməkdaşlıq davam etdirilməlidir.
Litvanın ədliyyə naziri Yuozas Bernatonis deyib ki, Aİ dövlətləri ilə Şərq Tərəfdaşlığı ölkələrinin müntəzəm diskussiyaları bu sahədə aparılan islahatların səmərəliliyini, habelə Aİ dövlətlərində və Şərq Tərəfdaşlığı ölkələrində ümumi azadlıq, təhlükəsizlik və ədalət məkanı yaratmaqla daha sıx qarşılıqlı əlaqələrə və etimadın tənzimlənməsinə nail olmaq üçün qəbul edilən qərarların və görülən tədbirlərin səmərəsini qiymətləndirməyə imkan verir.
Daxili işlər nazirinin mavini İsmət Əliyev və ədliyyə nazirinin müavini Azər Cəfərov hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş əməkdaşlıq, məhkəmə və prokurorluq sistemlərinin hesabat verməsinin və müstəqilliyinin dəstəklənməsi məsələlərini öz həmkarları ilə müzakirə ediblər. Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Aİ nazirlərinin görüşündə terrorizmə qarşı mübarizənin hüquqi aspektləri də nəzərdən keçirilib, məlumatların qorunması haqqında direktivin tətbiq edilməsi, elektron hökumət və ədliyyə sahəsində tədbirlərin stimullaşdırılması barədə diskussiya aparılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa