DÜNYA
Aİ qaçaqmalçılara qarşı sərt tədbirlərə başlayır
Berlin, 27 aprel, AZƏRTAC
Avropa İttifaqının qaçqınlar probleminə həsr olunmuş növbədənkənar sammitində Aralıq dənizi vasitəsilə Afrikadan Avropaya insan daşıyan qaçaqmalçılara qarşı mübarizədə silahlı qüvvələrdən istifadə olunması imkanı müzakirə edilib. Frans-Press agentliyinin yaydığı məlumata görə, qətnamə layihəsində söhbət cinayətkar dəstələrin “qayıqlarının eyniləşdirilməsi, ələ keçirilməsi və məhv edilməsi üzrə sistemli səylərdən” gedir.
Avropa İttifaqı ölkələrinin liderləri Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə təhlükəsizliyin beynəlxalq hüquqa müvafiq şəkildə müdafiəsi üzrə mümkün əməliyyata hazırlaşmağa dərhal başlamağı tapşırıblar.
Qətnamə layihəsi üzrə ilk məsləhətləşmələr həmin planın həyata keçirilməsinə siyasi iradənin olduğunu göstərib. Aİ-nin yüksək vəzifəli nümayəndəsi Frans-Press agentliyinə müsahibəsində bildirib ki, Avropa İttifaqı bununla Liviyada qaçaqmalçı quldur dəstələrinə məqsədyönlü zərbələr endirmək imkanını yoxlamağı təklif etmiş İtaliyanın Baş naziri Matteo Rentsinin çağırışına reaksiya verib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin