ELM VƏ TƏHSİL
AKADEMİK ƏLİ QULİYEVİN 90 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS
Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, ölkəmizdə aşqarlar kimyası elmi məktəbinin banisi, əməkdar elm xadimi, akademik Əli Quliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Foyedə alimin həyat və fəaliyyətini əks etdirən foto-sərgi təşkil olunmuşdu.
MEA-nın Rəyasət heyəti və Aşqarlar Kimyası İnstitutu tərəfindən təşkil olunmuş konfransı akademiyanın prezidenti Mahmud Kərimov açaraq, Ə.Quliyevin geniş elmi-pedaqoji və ictimai fəaliyyətindən ətraflı söhbət açdı, ölkəmizdə ilk ixtisaslaşmış Aşqarlar Kimyası İnstitutunun yaradılmasında və inkişafında onun müstəsna xidmətlərini xüsusi vurğuladı.
Sonra Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevin “Görkəmli alimin şərəfli həyat yolu”, akademik Kamil Sadıqovun ”Ə.Quliyev aşqarlar kimyası elmi məktəbinin banisidir” mövzusunda məruzələri dinlənildi.
Konfransda Milli Məclisin deputatı, MEA-nın müxbir üzvü Asəf Hacıyev, akademiklər Məhərrəm Məmmədyarov, Nadir Seyidov, Budaq Budaqov, mədəniyyət nazirinin müavini, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, MEA-nın müxbir üzvü Mustafa Salahov, Gəncə Elmi Mərkəzinin direktoru, kimya elmləri doktoru Fuad Əliyev və başqaları çıxış etdilər.
Natiqlər aşqarların işlənib hazırlanması və sənayedə tətbiqində, eləcə də kimyaçı kadrların hazırlanmasında akademik Ə.Quliyevin xidmətlərindən danışdılar, alimlə bağlı xatirələrini söylədilər, onun vətənpərvər bir ziyalı və nəcib bir insan olduğunu vurğuladılar.
Sonda alimin oğlu, Azərbaycan Tibb Universitetinin professoru Fikrət Quliyev çıxış edərək, alimin ailə üzvləri adından konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.