DÜNYA
AKP İstanbul təşkilatının qərargahına hücum edən terrorçulardan biri məhv edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının qərargahına silahlı hücum edən şəxslərdən biri zərərsizləşdirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, həmin şəxsin DHKP-C terror təşkilatının üzvü Bilgehan Karpat olduğu bildirilir.
İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hücumu törədənlərdən birinin Daxili İşlər Nazirliyinin adı axtarışda olan terrorçular siyahısında yer alan və başına 300 min lirə mükafat təyin edilən Bilgehan Karpat olduğu müəyyən edilib. Türkiyənin Tekirdağ vilayətinin Muratlı rayonunda gizləndiyi müəyyənləşdirilən terrorçunun yaxalanması üçün əməliyyat keçirilib. Lakin polis əməkdaşlarına silahlı müqavimət göstərən terrorçu məhv edilib.
Tekirdağ Polis İdarəsinin rəisi Mustafa Aydın daha əvvəl keçirilən əməliyyat nəticəsində DHKP-C-nin AKP-nin İstanbul təşkilatının qərargahına silahlı hücum edən digər şəxs - Şerif Turunç yaxalanan zaman onun üzərindən əl bombası və tapançanın tapıldığını bildirib: “İkinci şəxsi müəyyən etmək üçün təhqiqatlar apardıq. Həmin şəxsin Muratlı rayonunda gizləndiyini müəyyən etdik. Keçirilən əməliyyat nəticəsində DHKP-C terror təşkilatının olduğu Bilgehan Karpat ölü olaraq ələ keçirildi”.