DÜNYA
“AKSİM” terrorçuları tərəfindən girov götürülmüş Avstraliya vətəndaşı tezliklə azad edilə bilər
Kanberra, 6 fevral, AZƏRTAC
Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, hakimiyyət orqanlarına “Əl-Qaidə İslam Məğribi ölkələrində” (AKSİM) terror təşkilatının Burkino-Fasoda girov götürdüyü avstraliyalı qadın Coselin Elliotu azad etmək planı barədə bəyanatı məlumdur.
Rəsmi nümayəndə deyib: “Biz girovun qohumları ilə sıx əlaqə saxlayırıq. Bu ağır vaxtda, ilk növbədə, qadının təhlükəsizliyi və səhhəti barədə fikirləşirik. Avstraliya hökuməti girovun ailəsinin xahişini nəzərə alaraq heç bir şərh verməyəcək”.
Avstraliyalı həkim Ken Elliot və onun arvadı Coselin yanvarın 15-də Burkino-Fasoda girov götürülüblər. K.Elliot cərrahdır və Sum əyalətinin Cibo şəhərindəki yeganə xəstəxananın baş həkimidir. O, hər ay 150-yə yaxın cərrahi əməliyyat həyata keçirirdi. Səksəndən çox yaşı olan cütlük 1972-ci ildən Burkino-Fasoda çalışırdı. Avstraliya kütləvi-informasiya vasitələrinin yazdığına görə, terrorçular Coselin Elliotu tezliklə azad etmək istədiklərini bildiriblər. Onun əri haqqında isə hələlik heç bir məlumat yoxdur.
“AKSİM” terror qruplaşması Afrikanın şimalında, əsasən Əlcəzairdə, həmçinin Sahel regionu ölkələrinə daxil olan Mali, Niger və Çadda fəaliyyət göstərir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra