ELM VƏ TƏHSİL
ALİMLƏR FERMERLƏRİN KÖMƏYİNƏ GƏLDİLƏR
Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi alimləri İnstitutunun Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin ötən ilin sonunda təşkil etdiyi tenderdə iştirak etmişdir. İnstitut alimləri tərəfindən təqdim edilən “Üzümlüklərin pestisidlərlə dərmanlanması zamanı kiçikölçülü ciləyiçilərdən səmərəli istifadə olunması” layihəsinə üstünlük verilmiş və o, Dünya Bankı tərəfindən bəyənilmişdir.
Cari ilin yazında respublikanın Şəmkir, Samux və Xanlar rayonlarının fermer təsərrüfatlarında layihənin həyata keçirilməsi sahəsində işlər başlanmışdı. İki il üçün nəzərdə tutulmuş layihənin əsas məqsədləri üzüm ziyanvericiləri ilə mübarizə və pomidoru xəstəliklərdən qorunmaq sahəsində işləri gücləndirməkdir.
Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əvvəllər fermerlər bitkiləri ziyanverici həşəratlardan qorumaq üçün çox baha qiymətə kimyəvi maddələr alır və 11 dəfə çiləmə aparılmışdır. Bu isə iqtisadi cəhətdən əlverişli deyildi və çox zəhmət tələb edirdi. İnstitutun alimlərinin hazırlandıqları və fermerlərə təqdim etdikləri preparatlar bu işi xeyli yüngülləşdirmişdir. Çiləmələrin sayı 5 dəfə azalmış, həm də dərmanlama zamanı yığcam və rahat əl çiləyicilərindən istifadə olunur. Ekspertlərin fikrincə, bütün bunlar fermer təsərrüfatlarının səmərəliliyini yüksəltməyə imkan vermişdir, məhsuldarlığı xeyli artırmışdır.
Hazırda alimlər başqa bir layihə üzərində işləyirlər. Həmin layihənin həyata keçirilməsi ətraf mühitə vurulan ziyanın səviyyəsini aşağı salmağa imkan verəcəkdir. Belə ki, tərəvəz bitkilərinin dərmanlaması texnologiyasının yaxşılaşdırılması sayəsində kimyəvi preparatların miqdarı xeyli azalacaqdır. Bu isə ətraf mühitin cirklənməsini minimuma endirəcək və tərəvəz məhsullarının ekoloji təmizliyinin səviyyəsinin yüksəlməsinə kömək edəcəkdir.