ELM VƏ TƏHSİL
ALİMLƏR REFERENDUM AKTININ LAYİHƏSİNİ DƏSTƏKLƏYİRLƏR
Avqustun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətində Konstitusiyada dəyişikliklərə dair referendum aktı layihəsinin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
MEA-nın prezidenti Mahmud Kərimov yığıncağı açaraq, müstəqil respublikamızın 1995-ci ildə qəbul edilmiş ilk konstitusiyasına təklif edilən dəyişikliklərin ölkəmizin həyatının reallıqlarına tamamilə uyğun olduğunu bildirdi.
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, MEA-nın müxbir üzvü Məhərrəm Babayev, Aşqarlar Kimyası İnstitutunun direktoru, MEA-nın müxbir üzvü Vaqif Fərzəliyev, Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Adil Qəribov, MEA-nın müxbir üzvü Mübariz Əhmədov, MEA-nın Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev və başqaları yığıncaqda çıxış etdilər.
Natiqlər Konstitusiyaya təklif olunan dəyişikliklərin mahiyyətindən ətraflı danışaraq, onların əhəmiyyətini vurğuladılar, xüsusilə Milli Məclisə seçkilərin majoritar qaydada keçirilməsinin daha münasib və demokratik olduğunu bildirdilər.
Yığıncaqda MEA-nın əməkdaşlarını referendumda fəal iştirak etməyə çağıran müraciət qəbul olundu.