SİYASƏT
ALİ MƏHKƏMƏDƏ GÖRÜŞ
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Südabə Həsənova İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri cənab Eytan Nayeni onun xahişi ilə qəbul etmişdir.
S.Həsənova səfiri səmimi salamlayaraq yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik etmişdir. Nazir 1995-ci ildən bəri möhtərəm Prezident Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə respublikamızda uğurla aparılmış hüquq islahatlarından və iqtisadi islahatlardan, qəbul edilmiş qanunlardan, ölkəmizdə artıq iki dəfə çoxpartiyalılıq əsasında Milli Məclisə seçkilərin keçirilməsindən, ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin yaradılmasından, vətəndaş cəmiyyətinin atributlarından biri sayılan yerli özünüidarə təsisatlarının - bələdiyyələrin yaradılmasından, söz, mətbuat azadlığının tam bərqərar edilməsindən, insanların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə tam təminat verən şəraitin yaradılmasından danışmışdır.
2000-ci ilin yayında respublikamızda ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəffaf qaydada yazılı test imtahanı və müsabiqə yolu ilə seçilmiş hüquqşünaslardan məhkəmələrin formalaşdırılması, məhkəmə islahatı nəticəsində respublikamızda üçpilləli məhkəmə sisteminin yaradıldığını vurğulayan nazir qonağı Ali Məhkəmənin yeni qanunvericiliyə uyğun hazırkı fəaliyyəti də tanış etmişdir.
Qəbul üçün və dolğun informasiyaya ğörə minnətdarlıq edən cənab Eytan Naye ədalət mühakiməsinin həyata keçirilməsində respublikamızın məhkəmə orqanları ilə onun ölkəsinin məhkəmə orqanlarının fəaliyyətində bir sıra oxşar cəhətlərin olduğunu söyləmiş, Azərbaycanın hüquq-mühafizə orqanları ilə İsrail dövlətinin müvafiq orqanları arasında işgüzar əlaqələr və əməkdaşlığın yaradılacağına ümidvar olduğunu bildirmişdir.