RƏSMİ XRONİKA
ALİ SOVETDƏ QƏBUL
H.Əliyevi ana dilimizdə salamlayan gürcü qonaqlar Heydər Əliyev kimi bir şəxsiyyətin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi münasibətilə Eduard Şevardnadzenin xoş arzular ifadə edən salamını yetirmişlər.
Vaxtilə işlə əlaqədar rastlaşarkən xeyirxahlıq və kömək gördüyünü minnətdarlıqla xatırlayan cənab Marqiani Heydər Əliyevin bundan sonrakı fəaliyyətinə Azərbaycan xalqı ilə birlikdə gürcü xalqının da böyük ümid bəslədiyini söyləmiş, sonra E.Şevardnadzenin məktubunu təqdim etmişdir.
H.Əliyev xoş sözlərə və səmimi təbriklərə görə minnətdarlığını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, Azərbaycan və gürcü xalqları yalnız qonşu yox, həm də uzun əsrlərin dostudurlar.
H.Əliyev respublikamızdakı vəziyyətin çətinliklərinə toxunmuş, özünün bütün səylərini vətəndaş sülhü və həmrəyliyi yaradılmasına, indiki ağır vəziyyətdən çıxmaq üçün yollar tapılmasına yönəldəcəyini bildirmişdir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Vahid Əhmədov qəbulda iştirak etmişdir.
İyunun 17-də Heydər Əliyev İran İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Əli Əsğər Nəhavəndianı da qəbul etmişdir. Səfir İran parlamentinin sədri Natiq Nurinin və xarici işlər naziri Əli Əkbər Vilayətinin təbrik məktublarını təqdim edərək əmin olduğunu bildirmişdir ki, Heydər Əliyevin zəngin təcrübəsi respublikanı böhran vəziyyətindən qurtara biləcək, tezliklə Azərbaycan torpağında sülhün bərqərar olmasına, eləcə də İranla Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin genişlənməsinə kömək edəcəkdir.
Ali Sovetin sədri səfirdən xahiş etmişdir ki, onun minnətdarlığını İran parlamentinin sədrinə və xarici işlər nazirinə çatdırsın. Heydər Əliyev qeyd etmişdir ki, İranla Azərbaycan arasında əsrlərdən bəri davam edən dostluq münasibətlərinin inkişafı üçün var qüvvəsini sərf edəcəkdir. Bunun üçün hər iki dövlətin böyük potensial imkanları vardır. Müstəqillik qazanmış Azərbaycan öz gələcək inkişafı prosesində qonşu İranla, türkdilli dövlətlərlə və bütün İslam ölkələri ilə əlaqələrini möhkəmləndirəcək, xarici siyasətində heç bir dövlətin daxili işlərinə qarışmayacaqdır.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri