MƏDƏNİYYƏT
ALMANİYALI QONAQLAR ŞƏKİNİN TURİZM POTENSİALI İLƏ MARAQLANMIŞLAR
Şəki, 2 may (AZƏRTAC). Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədi ilə son dövrlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniyanın qabaqcıl turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün vaxtaşırı olaraq info-tur və press-turlar təşkil edilir.
Bu il aprelin 28-30-da Bakıda keçirilmiş “Aitf-2010” IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ərəfəsində bu ölkənin tanınmış turizm şirkətləri və media nümayəndələrinin respublikamıza növbəti press-turu təşkil edilmişdir. Azərbaycana səfər çərçivəsində almaniyalı qonaqlar Bakı, Şamaxı və Qəbələ ilə tanışlıqdan sonra mayın 1-də Şəki şəhərində olmuşlar. Qonaqlar Şəkinin turizm potensialı ilə maraqlanmış, Kiş kəndindəki qədim alban məbədini ziyarət etmiş, Şərq memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, habelə XIX əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı karvansara” mehmanxana kompleksi ilə tanış olmuş, yerli sənətkarların əl işlərinə baxmışlar. Şəkinin görməli yerləri və tarixi abidələri ilə tanışlıq almaniyalı qonaqların böyük marağına səbəb olmuş, onlar bu qədim diyarla turizm sahəsində əməkdaşlığın perspektivlərini çox yüksək qiymətləndirmişlər.