İQTİSADİYYAT
ALMANİYALI QONAQLAR SUMQAYITDA
Texniki Əməkdaşlıq Cəmiyyətinin regional layihəsinin meneceri cənab Şteffen Mildner və Lüdviqshafen şəhərinin tərəfdaşlıq əlaqələri bürosunun müdiri cənab Demmer Hans-Peter Almaniyanın Lüdviqshafen şəhəri ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasının 25 illiyi ərəfəsində Sumqayıta gəlmişlər.
Səfər “Yardım göstərilməsi və kicikhəcmli tədbirlər üzrə layihələrə kömək” proqramı çərçivəsində həyata keçirilmişdir. Almaniya hökumətinin maliyyələşdirdiyi və əsas istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, şəhər təsərrüfatı məsələləri və ekoloji sahələr olan proqram tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə yardım edəcəkdir.
Dörd gün ərzində qonaqlar şəhər icra hakimiyyətində olmuş, sosial sahənin və şəhər təsərrüfatının müxtəlif bölmələrinin rəhbərləri ilə işgüzar görüşlər keçirmiş, habelə Sumqayıtın və Bakının görməli yerlərini gəzmişlər.
Alman mütəxəssisləri səfərin yekunlarına dair təkliflər hazırlamışlar. Bu təkliflər biznes plan şəklində Almaniya hökumətinə təqdim olunacaqdır. Onların əhəmiyyəti nəzərə alınaraq, Sumqayıtda layihələrin gerçəkləşdirilməsinə ayrılacaq vəsaitin həcmi müəyyənləşdiriləcəkdir.
2002-ci ildə Sumqayıt ilə Lüdviqshafen arasında əməkdaşlığın inkişafına dair razılaşma üzərində iş də başa çatdırılmışdır. Razılaşmada dostluq əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbirlər proqramı nəzərdə tutulmuşdur.