REGİONLAR
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub
Naxçıvan, 23 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub.
Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrüfatı heyvanları və quşlarının sarcosporidiozu” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı” Dövlət proqramlarının muxtar respublikada aqrar sahənin inkişafında mühüm rolu var.
Qeyd olunub ki, yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. Bu baxımdan ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının yaradılması da daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.
AMEA Naxçıvan Bölməsində 2016-cı ilin ötən dövründə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat dinlənildikdən sonra bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək bildirib ki, il ərzində muxtar respublikanın ərazisində yayılmış bəzi dərman bitkilərinin biomorfoloji və tibbi xüsusiyyətləri, dərman kimi istifadəsi təhlil edilməklə, inkişaf dinamikası, yayılması, fitokimyəvi tərkibi, elmi və xalq təbabətində istifadə imkanları öyrənilib.
Biokimyəvi tədqiqatlar laboratoriyası rəhbərinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub, aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.
İclasda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçiləri, aqrar elmlər üzrə fəlsəfə doktoru Günel Seyidzadənin və biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun elmi hesabatları dinlənilib.
İclasın sonunda kadr məsələlərinə baxılıb. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov ictimai əsaslarla folklorşünaslıq şöbəsinin, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov isə ədəbiyyatşünaslıq şöbəsinin şöbə müdirləri vəzifələrinə təyin olunublar.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu