REGİONLAR


AMEA Naxçıvan Bölməsinin hesabat yığıncağında elmi və elmi-təşkilati fəaliyyət müzakirə olunub

A+ A

Naxçıvan, 13 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2016-cı ilin birinci yarısına həsr olunmuş elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı olub.

AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd olunan dövrdə görülən işlər barədə danışıb.

Bildirilib ki, AMEA Naxçıvan Bölməsində görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100, Birinci Türkoloji Qurultayın 90, Eynəli bəy Sultanovun 150 illik yubileyləri ilə yanaşı, mühüm tarixi günlər də qeyd olunub. “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-etnoqrafik atlasının, “Naxçıvan coğrafiyası”nın I cildinin, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması və nəşri həyata keçirilib. İsmayıl Hacıyev qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası, “Əlincəqala” tarixi abidəsinin və “Gülüstan” türbəsinin bərpası və tədqiq edilməsinin elmi əsaslarla aparılması yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışılıb. Bu dövrdə bölmədə humanitar və ictimai, təbii və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 2 nömrəsi çapdan çıxıb.

Bölmənin sədri diqqətə çatdırıb ki, hesabat dövründə Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun əməkdаşlаrının 1-i xaricdə olmaqla, 74 еlmi əsəri nəşr edilib.

Qeyd olunub ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının 61 elmi əsəri, o cümlədən 1-i xaricdə olmaqla, 2 kitabı, 16-sı xaricdə olmaqla, 59 elmi məqaləsi və konfrans materialı çap edilib. Hesabat dövründə 2 tatar şairinin şeirləri Azərbaycan dilinə tərcümə edilib və “Yeni tatar şeiri antologiyası” dərc olunub, Hayreddin Evginin “Manas” romanı tərcümə olunaraq çapa təqdim edilib.

Birinci yarımildə bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarının 47 elmi əsəri, о cümlədən 3 monoqrafiyası, 26 elmi məqaləsi, 16 konfrans materialı və 2 tezisi dərc olunub. Əsərlərdən 14 məqalə, 7 konfrans materialı və 2 tezis xaricdə nəşr edilib.

Bölmənin Biоresurslar İnstitutunun fəaliyyəti haqqında danışan İsmayıl Hacıyev bildirib ki, institutun əməkdaşlarının 1-i monoqrafiya, 1-i metodik vəsait, 61-i elmi məqalə və konfrans materialı olmaqla, 63 elmi əsəri çap olunub. Əsərlərdən 8 elmi məqalə, 11 konfrans materialı xaricdə çapdan çıxıb ki, bunlardan 5-i impak faktorlu jurnallarda nəşr olunub. İnstitut əməkdaşları akademik Tariyel Talıbovun rəhbərliyi ilə Ümumdünya Təbiəti Mühafizə Təşkilatının “Naxçıvan Muxtar Respublikası ərazisində bəbir və onun qida obyektlərinin monitorinqinin aparılması” mövzusunda beynəlxalq qrant layihəsi istiqamətində elmi-tədqiqat işlərini başa çatdıraraq hesabatı müvafiq quruma təqdim ediblər.

Sonda bölmə sədri yarım il ərzində qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara da toxunub, yaranan problemlərin aradan qaldırılması yollarından bəhs edib.

Tədbirdə 2016-cı ilin birinci yarısında bölmə əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videoçarx və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.