REGİONLAR


AMEA Naxçıvan bölməsində keçilən interaktiv dərsi muxtar respublikanın 194 təhsil müəssisəsinin şagirdləri izləyib

Naxçıvan, 30 dekabr, AZƏRTAC

AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən “Naxçıvanın tarixi abidələri” mövzusunda interaktiv dərs keçilib.

AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan bölməsində keçilən və 194 təhsil müəssisəsi şagirdlərinin internet vasitəsilə elektron lövhədən izlədiyi dərs zamanı Vəli Baxşəliyev əvvəlcə muxtar respublikada tarixi abidələrin qeydə alınması və pasportlaşdırılması sahəsində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan tarixi və tarixi memarlıq abidələri, arxeoloji tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri Naxçıvanın bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. O, Naxçıvan ərazisində yayılmış Daş, Tunc və Dəmir dövrü abidələrinin xarakterik xüsusiyyətləri haqqında da şagirdlərə məlumat verib. Bildirib ki, xüsusilə son illərdə aparılan arxeoloji tədqiqatlar muxtar respublika ərazisində bir sıra tarixi abidələrlə bağlı faktların daha da dəqiqləşdirilməsinə və yeni abidələrin üzə çıxarılmasına imkan verib.

Naxçıvan ərazisində yerləşən I Kültəpə abidəsində əvvəllər arxeoloq Osman Həbibullayev tərəfindən aparılmış tədqiqatlardan danışan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev 2013-cü ildən sonra bu abidədə yeni tədqiqatlara başlanıldığını qeyd edib. Aparılan son tədqiqatlar sübut edir ki, I Kültəpə abidəsi bütün Cənubi Qafqazda ən qədim Neolit abidəsidir. Bundan əlavə, dərsdə şagirdlərə Şorsu, Zirincli, Uçan Ağıl, Uzunoba, Ovçular təpəsi, Ərəbyengicə, I Maxta kimi arxeoloji abidələr haqqında da məlumat verilib, bu abidələrdə aparılmış tədqiqatlar, aşkar edilmiş əmək alətləri və digər maddi-mədəniyyət nümunələri şagirdlərə slayd vasitəsilə nümayiş etdirilib. Dərsdə abidələrin yaşının müəyyən edilməsi üçün aparılmış radiokarbon analizlərinin mahiyyəti və nəticələri izah edilib.

Naxçıvanın ən qədim sakinlərinin ətraf regionlarla əlaqələri, köç yolları, antropoloji xüsusiyyətləri barədə də məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Qədim tayfaların yaşayış xüsusiyyətləri, məşğuliyyətləri, həyat tərzləri, inancları ilə bağlı aparılan araşdırmalar sübut edir ki, onlar xalqımızın ulu əcdadları olublar.

İnteraktiv dərs zamanı təqdim olunan müxtəlif fotoşəkillər və xəritələr dərsi izləyən şagirdlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.