ELM VƏ TEXNOLOGİYA


AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

A+ A

Bakı, 7 sentyabr, Pərvanə İmanova, AZƏRTAC

Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edilib ki, “Elm haqqında” Qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir və elmi fəaliyyətin geniş imkanlarını nümayiş etdirir. Qanunda ilk növbədə ideoloji bazanın zənginləşdirilib inkişaf etdirilməsinin əsas götürüldüyünü söyləyən akademik elmi fəaliyyətin bütün sahələrində azərbaycançılıq ideologiyasının möhkəm elmi əsaslar üzrə prioritet kimi qəbul edildiyini bildirib.

Vurğulanıb ki, qanunda elm sahəsindəki innovasiya və sahibkarlıq fəaliyyətinin mahiyyəti aydınlaşdırılaraq əsas istiqamətləri və əhatə dairəsi müəyyən olunub. Həmçinin ilk dəfə olaraq “Tədqiqat universiteti” statusuna malik olan ali təhsil ocaqlarının yaradılması, yeni elmi nəsillərin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm amilinin hərəkətverici amillərdən birinə çevrilməsi, elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində müvafiq müddəalar da yer alır.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Qəbul edilmiş qərara əsasən “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu AMEA-nın elmi-təşkilati fəaliyyəti üçün əsas kimi qəbul edilib. İclasda “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli müvafiq Qanununun tətbiqi barədə Prezident İlham Əliyevin 2016-cı il 9 avqust tarixli Fərmanının icrası istiqamətində müvafiq təkliflərin hazırlanmasına dair tapşırıq verilib. Qərarda, həmçinin AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını öz fəaliyyətlərində rəhbər tutmalarına, eləcə də AMEA-nın müvafiq qurumlarında innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi istiqamətində aparılan işləri daha da genişləndirməyə dair göstərişlər öz əksini tapır.

Sonra 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələri və tədris prosesinin təşkilinə dair məsələyə baxılıb. Bildirilib ki, 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul planı artırılıb və 19 ixtisas üzrə 56 nəfər qəbul edilib.

Məsələ ilə bağlı göstərilənləri əsas tutaraq, Rəyasət Heyəti 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələrini təsdiq edib. Akademiyanın magistratura pilləsi yaradılmış elmi müəssisələrinə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, magistratura təhsili ilə bağlı qəbul edilmiş digər normativ-hüquqi sənədlərə uyğun olaraq tədris prosesini təşkil etmələri barədə tapşırıq verilib.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə isə AMEA-nın magistraturasında tədris prosesinin həyata keçirilməsi üçün elmi müəssisələrə hərtərəfli yardım göstərməsi tapşırılıb.

İclasda Elm və Təhsil İdarəsinin strukturunda magistratura şöbəsinin yaradılması məsələsi müzakirə edilib. AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov hazırda AMEA-da doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının başlıca məqsəd olaraq qarşıya qoyulduğunu deyib.

Rəyasət Heyətinin digər qərarı ilə elm və təhsil idarəsinin təhsil şöbəsinin adı dəyişdirilərək doktorantura şöbəsi adlandırılıb. Həmçinin “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 iyul tarixli, 277 nömrəli Qərarının icrası ilə bağlı Komissiya yaradılıb.

İclasda bildirilib ki, yeni yaradılan komissiya AMEA-nın birləşdirilmiş Eroziya və Suvarma İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilati-hüquqi məsələlərini həyata keçirəcək.

Tədbirdə Nazirlər Kabinetinin həmin qərarının 3-cü bəndinin icrası məsələsinə də baxılıb. Qərarın bu bəndinə əsasən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilmiş və institutun adı dəyişdirilərək Fəlsəfə İnstitutu adlandırılmışdı. Həmin bəndin icrasının təmin edilməsi məqsədi ilə Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən institutun və onun aid olduğu elmi bölmənin rəhbərinə müvafiq tapşırıqlar verilib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə və kadr məsələlərinə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.