ELM VƏ TƏHSİL
AMEA Şəki Regional Elmi Mərkəzinin yeni strukturu müzakirə edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin üzvləri Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.
ŞREM-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə elmi müəssisənin struktur bölmələri ilə tanış olub, daha sonra kollektivlə görüş keçiriblər.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişlinin iştirakı ilə keçən görüşdə ŞREM-in gələcək inkişaf proqramları, prioritet istiqamətləri və mərkəzin yeni strukturu müzakirə edilib.
Görüşdə akademik F.Qədirov son vaxtlar AMEA-da aparılan islahatlar barədə qısa məlumat verib.
AMEA-nın vitse-prezidenti İ.Quliyev mərkəzin gələcək inkişaf planları və qarşıda duran vəzifələr haqqında danışıb. Akademik AMEA rəhbərliyinin ŞREM-in gələcəkdə təkcə Şəkidə deyil, həm də Azərbaycanın Şimal-Qərb regionunu əhatə etməklə geniş fəaliyyət göstərməsində maraqlı olduğunu və bu istiqamətdə real addımların atılmasının vaxtı çatdığını vurğulayıb. İ.Quliyev onu da diqqətə çatdırıb ki, AMEA rəhbərliyi bu işdə mərkəzə lazım olan köməyi göstərəcək.
ŞREM-in yeni təyin olunmuş direktoru Yusif Şükürlü mərkəzdə görülən işlər və həyata keçirilən kadr dəyişiklikləri barədə məlumat verib.
AMEA İşlər İdarəsinin müdiri F.Abdullayev və RSXM-in direktoru Q.Yetirmişli gələcəkdə ŞREM-in fəaliyyətinin genişləndiriləcəyini və bu işdə müvafiq strukturların mərkəzə kömək göstərəcəklərini qeyd ediblər.
ŞREM-in əməkdaşları çıxış edərək mərkəzin uğurlarından və problemlərdən danışıblar.