ELM VƏ TƏHSİL


AMEA Yüksək Texnologiyalar Parkının müşahidə və ekspertlər şuralarının birgə iclası keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksәk Texnologiyalar Parkının müşahidə və ekspertlər şuralarının birgə iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Müşahidə Şurasının sədri, akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamını xatırladaraq innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyindən danışıb. Akademiyanın rəhbəri şuranı öz səlahiyyətləri çərçivəsində cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarət edən orqan kimi xarakterizə edərək məqsəd və vəzifələrindən danışıb. Yüksək Texnologiyalar Parkı MMC-nin fəaliyyətindən bəhs edən Akif Əlizadə parkda həyata keçirilən görüş və layihələri aparılan elmi-tədqiqat işlərinin nəticələri, ixtiralar, alimlərimizin innovativ təkliflərinin istehsalatda tətbiqinə müsbət təsiri baxımından yüksək qiymətləndirib.

Ekspertlər Şurasının sədri, akademik İbrahim Quliyev isə rəhbəri olduğu şuranın texnologiyalar parkında rezident kimi qeydiyyata alınmaq üçün müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, onlara müvafiq rəyin hazırlanması, layihələrin işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, eləcə də tətbiqinə dair təkliflərin hazırlanması məqsədilə yaradıldığını bildirib. O, ərizəçilərin innovasiya layihələrinə, texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy verərkən ətraflı ekspertizaya ehtiyac olduğu təqdirdə şuraya ixtisaslaşmış mütəxəssislərin cəlb ediləcəyindən söz açıb.

İclasda Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda icra olunan layihələr barədə məlumat verərək artıq hazır məhsulların olduğunu vurğulayıb. Vüqar Babayev bildirib ki, Yüksək Texnologiyalar Parkının ərazisində fəaliyyət göstərəcək potensial rezidentlər var: "Təcrübə-Sənaye Zavodu digər sahibkarlıq subyektləri kimi bərabərhüquqlu müəssisə olaraq rezident şəhadətnaməsi aldıqdan sonra bir sıra güzəştli şərtlər əsasında fəaliyyət göstərəcəyi üçün burada istehsal olunan məhsulların maya dəyəri aşağı düşəcək, “Made in Azerbaijan” brendi ilə ixrac imkanlarımız genişlənəcək. Təcrübə-Sənaye Zavodundan başqa bir sıra potensial rezidentlər var və müvafiq şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərəcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.