ELM VƏ TEXNOLOGİYA


AMEA-da 2016-2017-ci tədris ili üzrə magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında 2016-2017-ci tədris ili üzrə akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı müzakirə olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda elm müəssisələrin təhsil şöbələrinin rəhbərləri, magistraturada təhsilin təşkilinə bilavasitə məsul olan şəxslər və başqaları iştirak ediblər.

AMEA-nın elm və təhsil idarəsinin təhsil şöbəsinin rəisi Ömər Gülalov akademiyanın magistratura pilləsində təhsillə bağlı fəaliyyət planı barədə məlumat verib. Vurğulanıb ki, bu il magistratura pilləsinə qəbulda ən böyük rəqabət AMEA-da müşahidə olunub. O deyib: “Son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, akademiyada aparılan fundamental və tətbiqi araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə məqsədilə müəyyən tədbirlər görülür. AMEA-nın qarşısına qoyduğu hədəflər sırasında elmi tutumlu sahələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, akademiyanın potensialından istifadə daha savadlı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Akademiyada magistratura təhsilinin keyfiyyətinin daha da artırılması üçün bu cür görüşləri mütəmadi şəkildə keçirəcəyik”.

Ö.Gülalov diqqətə çatdırıb ki, yaxın günlərdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin magistrlərlə görüşü gözlənilir.

Sonra AMEA-nın elmi analitik şöbəsinin rəis müavini Hüseyn Hüseynov çıxış edərək 2016-2017-ci tədris ilində akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu bildirib. Tədris planı və dərs saatları barədə məlumat verən H.Hüseynov tədbir iştirakçılarının bir sıra suallarını cavablandırıb. O qeyd edib ki, AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələr elm və təhsil idarəsi tərəfindən bütün normativ sənədlərlə təmin olunacaqlar.

Sonda iclas iştirakçılarına yeni tədris ilində uğurlar arzulayan Ö.Gülalov bildirib ki, magistratura təhsilinin təşkilinin yüksək səviyyədə olması üçün AMEA rəhbərliyi tərəfindən bütün zəruri addımlar atılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.