ELM VƏ TƏHSİL


AMEA-da “Web of Science” üzrə seminara başlanılıb

Bakı,11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və “Thomson Reuters” agentliyinin Moskva və Kiyev nümayəndəlikləri tərəfindən “Web of Science” məlumat platforması üzrə sertifikasiya proqramına başlanılıb. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində keçirilən seminarda AMEA-nın 20 elmi-tədqiqat müəssisəsindən məsul şəxslər iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatının iki gün davam edəcək sertifikasiya proqramında iştirakçıların “Web of Science” platforması haqqında biliklər əldə edəcəyini diqqətə çatdırıb. Bildirib ki, yüksək indeksli jurnallar, kitablar, konfrans materialları və digər nəşrlərin əhatəli toplusuna malik biliklər bazası olan bu platforma müxtəlif elmlər və incəsənət üzrə materialları əhatə edərək axtarış, analiz və biblioqrafik informasiyanın idarə olunması sahəsində geniş imkanlar təqdim edir.

“Thomson Reuters” agentliyinin nümayəndəsi Valentin Boqorov bildirib ki, azərbaycan və rus dillərində reallaşacaq sertifikasiya proqramının iştirakçılarına “Web of Science” platforması və onunla əlaqədar alətlərlə iş üzrə nəzəri biliklər təqdim olunmaqla yanaşı, praktik bacarıqlar da aşılanacaq.

“Thomson Reuters” agentliyinin elmi informasiya resursları üzrə ekspertləri Aygün Babazadə və İrina Tixonkova “Web of Science Core Collection”ın yaranma tarixi, əsas prinsipləri, istinadların analizi, jurnalların seçilməsi, məlumat bazası, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və axtarış nəticələrinin analizi, nəticələr üzərində iş, müəllif və istinad olunma göstəriciləri, “ResearcherID” istifadəçisinin profili və s. barədə ətraflı məlumat veriblər.

Tədbirdə, həmçinin iştirakçılara “Journal Citation Reports”un jurnallarına istinad üzrə illik hesabatlar, “Journal Citation Reports”un strukturu və interfeysi, “EndNote online” vasitəsilə biblioqrafiya üzərində iş, məlumat bazasında təşkilat üzrə genişləndirilmiş axtarış, “InCites” analitik platformasından istifadə qaydalarına dair məlumat veriləcək.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və həmin mütəxəssislər işlədikləri təşkilatlarda “Web of Science” platforması üzrə məsul şəxs qismində fəaliyyət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.