QAN YADDAŞI
AMEA-da Xocalı soyqırımının 25-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatlarında anım mərasimləri keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, təşkil olunan silsilə tədbirlərdə mənfur ermənilərin qəddarlığından, o cümlədən erməni silahlı dəstələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri kütləvi qırğınlardan danışılıb. Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Xocalıda ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs olunub. Vurğulanıb ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı xalqımızın qan yaddaşından silinməyəcək.