ELM VƏ TƏHSİL


AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı cari məsələlər müzakirə olunub

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının elm və təhsil idarəsinin təşkilatçılığı ilə AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələlər müzakirə olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda akademiyanın elmi müəssisə və təşkilatlarının təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov son illər elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə maraqlarını artırmaq məqsədilə akademiyada geniş islahatların aparıldığını bildirib. Vurğulanıb ki, islahatlar çərçivəsində yaradılan təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.

2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı müsahibə komissiyalarını diqqətli olmağa çağıran Ə.Sadıqov sənəd verənlərin çoxlu sayda suallarının olduğunu nəzərə alaraq “Qaynar xətt” xidmətinin təşkil ediləcəyini deyib.

Tədbirdə, həmçinin təhsil şöbələrinin rəhbərlərinə təmsil etdikləri qurumun saytında qəbulu aparılacaq magistratura ixtisasları ilə bağlı məlumatların yerləşdirilməsi barədə də tapşırıq verilib.

Elm və təhsil idarəsinin doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının təşkili ilə bağlı çıxış edib, imtahanların mayın 22-dən etibarən keçiriləcəyini bildirib.

Elm və təhsil idarəsinin magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov magistrantların tədris planı ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.