ELM VƏ TƏHSİL
AMEA-da magistratura təhsilinin təşkili gənc tədqiqatçılar üçün böyük imkanlar açır
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Texniki Universitetinin “SABAH” qruplarında informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan və hazırda bu elm müəssisəsində istehsalat təcrübəsi keçən tələbələrlə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ölkəmizdə elmin inkişafına daim diqqət və qayğı göstərildiyini, elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən alim vurğulayıb ki, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparılır, informasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Azərbaycanda ilk dəfə internetə çıxış 1991-ci ildə bu institutun bir qrup alim və mütəxəssisi tərəfindən həyata keçirilib.
R.Əliquliyev bildirib ki, Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin son illər AMEA-nın elmi müəssisələrində, o cümlədən İTİ-də təşkil olunması gənc tədqiqatçılar üçün böyük imkanlar açır. AMEA-da magistratura təhsili alanların tədqiqatçı-magistr kimi formalaşdıqlarını söyləyən akademik diqqətə çatdırıb ki, institutda magistrantların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şərait yaradılıb. İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən R.Əliquliyev tələbələri institutdakı elmi mühit və təcrübədən faydalanmağa çağırıb.
Sonda tələbələrin sualları cavablandırılıb.