ELM VƏ TƏHSİL
AMEA-da ötən il doktoranturaya qəbulun nəticələri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində ötən il AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbulun nəticələri müzakirə olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun prezidenti, akademik Akif Əlizadə doktorantura təhsilinin əsas məqsədinin təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması olduğunu söyləyib.
Akademik vurğulayıb ki, namizədlər üçün doktorluq mövzuları müəyyənləşdiriləndə cəmiyyətin və əmək bazarının tələbi də nəzərə alınmalıdır.
AMEA-nın rəhbəri qeyd edib ki, mövzuları təsdiqlənən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunan namizədlər dissertasiyalarında elm üçün böyük əhəmiyyət daşıyan hər hansı məsələnin yeni həllini təklif etməli, tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhini verməlidirlər. Dissertasiyanın əsas ideya və nəticələri, yenilik dərəcəsi, həmçinin tədqiqatın elmi və praktik əhəmiyyəti, tədqiqatlarda müəllifin şəxsi töhfəsi yüksək səviyyədə olmalıdır.
Sonra akademik A.Əlizadə doktorantların dissertasiya mövzuları ilə tanış olub, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
AMEA-nın rəhbəri elmi bölmələrə gələcəkdə də dissertasiya mövzularının seçilməsi zamanı elmin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələrini tövsiyə edib.