ELM VƏ TƏHSİL
AMEA-da sərgiyə hazırlıqla bağlı növbəti iclas olub
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində akademiya tərəfindən 2015-ci ildə təşkil olunacaq sərgilərə hazırlıqla əlaqədar növbəti iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərginin rəhbəri, beynəlxalq əlaqələr idarəsinin beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi Nuridə Quliyeva akademiyanın sərgiyə qatılacaq elmi müəssisə və təşkilatlarının hazırlıq prosesinin gedişatı barədə məlumat verib, qurumların hansı sərgi məhsulları ilə çıxış edəcəyini, sərgi üzrə təqdim olunacaq məhsulların növünü, formatını, müxtəlif müəssisələrə məxsus ixtira və eksponatların mövzu dairəsini işçi qrupunun diqqətinə çatdırıb. Bildirilib ki, mayın 2-dən 5-dək təşkili planlaşdırılan "XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi" (Caspian Oil & Gas) çərçivəsində keçiriləcək konfransda ilk dəfə AMEA da iştirakçılar sırasında yer alacaq. Konfransda dünya elmi ictimaiyyəti azərbaycanlı alimlərin nailiyyətlərindən, uğurlu araşdırmalarından xəbərdar olacaq ki, bu da öz növbəsində ölkə elminin beynəlxalq aləmə inteqrasiyasına xidmət edir.
İclasda AMEA-nın 70 illik yubileyinə həsr olunan sərgidə nümayiş ediləcək məhsullar haqqında da geniş məlumat verilib.
Sərgiyə hazırlıq mərhələsində bölmə üzrə işçi qrupuna daxil edilən gənc alim və mütəxəssislərin müşayiəti ilə yaxın günlərdə elmi müəssisə və təşkilatlarda görüləcək işlərlə bağlı görüş keçiriləcək.