ELM VƏ TƏHSİL
AMEA elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatları davam etdirir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatları davam etdirir.
Akademiyada magistratura pilləsinin açılması, istedadlı gənclərin elmə cəlb edilməsi, elmlə təhsilin inteqrasiyası, gənclərin ixtisasartırma kurslarında iştirakı, xarici dil bilgilərinə sahib gəncliyin yetişdirilməsi qabaqcıl elmi istiqamətli kadr hazırlığına nail olunmasına xidmət edir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatın Təhsil şöbəsi xarici dil kafedrasının professor-müəllim heyəti ilə görüşüb.
AMEA Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə kafedranın fəaliyyətində müəyyənləşdirilən yeni istiqamətlərdən danışan akademik A. Əlizadə aparılacaq islahatlarla bağlı tövsiyələrini verib, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, imtahan otaqlarının yeni audio-video avadanlıqlarla təminatı, distant təhsilin yeni əsaslarla təşkilini məqsədəuyğun hesab edib.
Akademik Rasim Əliquliyev kafedranın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirib, bütün bu proseslərdə İnformasiya Texnologiyaları İnstitutu ilə mübadilə və əməkdaşlıq şəraitində mütəşəkkil addımlar atılacağını, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün qabaqcıl, innovativ layihələr həyata keçiriləcəyini diqqətə çatdırıb.
İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə ilə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin ixtisasartırma proqramlarına qoşulması, kafedranın maddi-texniki bazasının möhkəmləndirilməsi və s. perspektivdə duran məsələlər kimi müəyyənləşdirilib. Bununla bağlı əlaqədar şəxslərə tapşırıqlar verilib.