ELM VƏ TƏHSİL
AMEA ilə “Auxilium Engineering” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində “Auxilium Engineering” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi akademiya ilə bu şirkət arasında tanışlıq və potensial əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.
AMEA-nın işlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev akademiyada həyata keçirilən islahatlar və elmin kommersiyalaşdırılması prosesi haqqında qonaqlara məlumat verib. Vurğulanıb ki, AMEA yalnız elmi-tədqiqat institutlarının cəmləşdiyi ali elm qurumu kimi deyil, həm də istehsal və sənayenin inkişafında birbaşa tərəfdaş kimi çıxış edən iqtisadi subyektdir.
Sonra Çinin ən böyük dövlət şirkətlərindən olan “China State Construction" Xianjinq Tikinti və Mühəndislik qrupunun Azərbaycan üzrə nümayəndəsi Liu Xinan tərəfdaşı olduğu “Auxilium Engineering” şirkətinin fəaliyyət istiqamətləri və təklif etdiyi xidmətlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, müxtəlif təyinatlı təşəbbüslərin həyata keçirilməsində böyük təcrübəyə malik şirkət bir neçə beynəlxalq, yerli layihələrdə iştirakçı və əlaqələndirici rolunu oynayır.
AMEA rəyasət heyəti aparatının innovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev şirkətin ölkəmizdə investisiya qoyuluşu ilə yanaşı, akademiya ilə əməkdaşlığa da maraq göstərdiyini bildirib. Şirkətin fəaliyyət istiqamətlərinə daxil olan sürtgü materiallarının akademiyada istehsalı təcrübəsindən danışan V.Babayev qeyd edib ki, son illər AMEA-nın Təcrübə-Sənaye Zavodunda Avropa və dünya standartlarına uyğun məhdud miqdarda sürtgü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb. Akademiya rəhbərliyinin göstərişinə əsasən, zavodun mütəxəssisləri hazırda Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının alimləri ilə birgə yerli xammal bazasında daha geniş çeşiddə sürtgü materiallarının istehsal texnologiyasının mənimsənilməsi və normativ-texniki sənədlərin hazırlanması ilə məşğuldurlar.