ELM VƏ TƏHSİL
AMEA ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 22 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə görüşün elmi nəticələrin istehsalata, elmi-innovativ yeniliklərin metallurgiya sənayesinə tətbiqinin təmin edilməsi, həmçinin hər iki qurum arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi ilə keçirildiyini bildirib.
A.Əlizadə qeyd edib ki, ölkəmizdə biznesin inkişafı digər sahələrlə yanaşı, elm sahəsinə də müsbət təsir göstərir. Artıq AMEA Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq edir. İnanıram ki, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə də əlaqələrimiz uğurla davam etdiriləcək, alimlərimiz bu elmi əməkdaşlıqdan faydalanacaqlar.
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov bildirib ki, rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin 2013-cü il 23 aprel tarixli Sərəncamı ilə yaradılıb. Kompleks ölkədə metallurgiya sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərir.
Artıq bir neçə dövlət qurumu ilə əlaqələrin yaradıldığını bildirən S.Cəfərov AMEA-da yeni texnologiyaların tətbiq olunacağını, bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində AMEA ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi akademik A.Əlizadə və S.Cəfərov imzalayıblar.
Memorandumda Daşkəsən ərazisində mövcud dəmir filizi ehtiyatlarının araşdırılması və digər təbii ehtiyatların geoloji tədqiqi, dağ-mədən və metallurgiya sənayesi üzrə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi, müxtəlif sahələr üzrə yeni texnologiyaların araşdırılması və tətbiqi, birgə elmi-tədqiqatların aparılması, layihələrin işlənilməsi nəzərdə tutulur.