ELM VƏ TƏHSİL
AMEA ilə Belarus Milli Genbankı arasında yeni müqavilə imzalanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Belarus Respublikasının Minsk şəhərində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Sitologiya və Genetika İnstitutunda (BSGİ) və Belarus Kənd Təsərrüfatı Elmi-Praktik Mərkəzində (KTEPM) görüşlər keçirilib.
Görüşdə pullu xidmətlər göstərən tədqiqat laboratoriyalarının akkreditasiya və sertifikasiyasına aid geniş fikir mübadiləsi aparılıb, müvafiq sahədə qazanılan təcrübə öyrənilib. Həmçinin elmin kommersiyalaşdırılması ilə bağlı bir sıra əlavə sənədlər əldə edilib. BSGİ ilə bir neçə il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb və Belarus Milli Genbankı ilə genetik material mübadiləsinə dair yeni müqavilə imzalanıb.