ELM VƏ TƏHSİL
AMEA ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin sədri yanında müvafiq işçi qrupunun yığıncağı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurum ilə BNTİ arasında əməkdaşlıqdan danışıb. Nüvə tədqiqatları sahəsində bu təşkilatın təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu deyən A.Əlizadə əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Akademik vurğulayıb ki, BNTİ-nin 60 illik yubileyi və bu təşkilatın müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığının 25 illiyinə həsr olunmuş BNTİ günləri ilə əlaqədar AMEA-da bir sıra digər tədbirlər də keçiriləcək. Oktyabrın 14-dək davam edəcək tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv olan ölkələrin 50-dək nümayəndəsi də iştirak edəcək.
Sonra tədbir quruma üzv olan dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin sədri, Bolqarıstan Respublikasının Nüvə Tənzimlənməsi Agentliyinin rəhbəri Laçezar Kostovun sədrliyi ilə davam edib.
Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. BNTİ-nin laboratoriyalarında öz sözünü demiş alimlərlə yanaşı, gənc mütəxəssislərin də çalışdıqlarını deyən akademik gənclərin müasir sürətləndirici qurğularda, reaktorlarda, cihazlarda onlar üçün vacib olan təcrübə keçdiklərini bildirib. V.Matveyev üzv ölkələrin dünya elminə inteqrasiyasında ən səmərəli vasitə olan bu institutda Azərbaycan alimlərinin də uğurla təmsil olunduqlarını bildirib.
Daha sonra V.Matveyevin təşkilatın fəaliyyətinə dair hesabatı dinlənilib.
Tədbir işçi qrupunun nümayəndələrinin məruzələri ilə davam edib.