ELM VƏ TƏHSİL
AMEA ilə Böyük Britaniyanın “TransTech Capital LLP” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının innovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “TransTech Capital LLP” şirkətinin dəvəti ilə Böyük Britaniyada ezamiyyətdə olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində “TransTech Capital LLP” şirkəti ilə AMEA arasında əqli mülkiyyətin beynəlxalq kommersiyalaşdırılması, texnologiyaların transferinin və vençur kapital fondlarının idarə olunması üzrə anlaşma memorandumu imzalanıb.
Sənədi V.Babayev və “TransTech Capital LLP” şirkətinin rəhbəri Riçard Henderson imzalayıblar.
Azərbaycanlı alim, həmçinin Böyük Britaniyanın Oksford, London və Mançester universitetlərində aparıcı texnologiyaların transferi və investisiyası üzrə ekspertlərlə görüşüb, Oksford Universitetinin Kimya Tədqiqatları Mərkəzinin fəaliyyət istiqamətləri ilə tanış olub.