ELM VƏ TƏHSİL


AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Clarivate Analytics” (“Thomson Reuters”) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin inkişaf etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Görüşdə akademik Akif Əlizadə keçən ilin oktyabr ayında AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və burada çalışan alim və mütəxəssislər “Clarivate Analytics” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə ediblər. Təşkilatın rəhbərliyinə yaradılan imkanlara görə minnətdarlığını bildirən Akif Əlizadə “Clarivate Analytics” ilə əməkdaşlığı yüksək dəyərləndirib, bu əməkdaşlığın Azərbaycanda elmin inkişafına, ölkə elminin dünyadakı nüfuzunun artmasına töhfə verəcəyini və tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.

Viji Krişnan isə bildirib ki, görüşün əsas məqsədi AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında birgə əməkdaşlığın gedişatını və “Web of Science” elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir.

“Clarivate Analytics” təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin isə öz çıxışında AMEA-nın alim və mütəxəssisləri üçün təşkil olunan seminar və təlimlərdən söz açıb, indiyədək 20-dən çox təlimin baş tutduğunu, yaxın gələcəkdə isə “Web of Science” üzrə sertifikatlaşdırma proqramının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Daha sonra təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov AMEA-da elmmetriya ilə məşğul olan qrupun yaradılacağı təqdirdə “Clarivate Analytics” şirkətinin bu təşəbbüs üçün zəruri olan metodoloji dəstəyi verməyə hazır olduğunu deyib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxışında AMEA ilə “Clarivate Analytics” arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib. Akademik magistratura və doktorantura pillələrində minimal elmmetrik biliklərin tədris olunması təklifini irəli sürüb. Təşkilatın nümayəndələri təklifi dəstəkləyərək bu təşəbbüsün nüfuzlu elmi jurnallarda Azərbaycandan olan əsərlərin sayının artmasına səbəb olacağını vurğulayıblar.

“Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə qeyd edib ki, məlumat bazasında AMEA-nın profilinin yaradılması üzrə mühüm işlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.