ELM VƏ TEXNOLOGİYA


AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələr və görüləcək tədbirlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına xidmət edəcək. O deyib: “AMEA Sərəncamın icrası ilə əlaqədar Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək”.

Akademik A.Əlizadə İİTKM ilə imzalanacaq memorandumun əhəmiyyətindən də danışıb. Vurğulanıb ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri ilə çıxış edilməsi üzrə faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı “Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib.

Dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsaitin xərcləndiyini diqqətə çatdıran məruzəçi Azərbaycanda həm dövlət, həm də özəl sektorun idarəetmə, bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşaraq rəqabət qabiliyyətini yüksəldəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcək. V.Qasımlı deyib: “Qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcək. Azərbaycan bilik iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirəcək. Sərmayənin biliyə, biliyin isə sərmayəyə çevrilməsi hesabına daha çox dəyərin ölkəmizdə qalmasına çalışmalıyıq. AMEA-nın Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət addımdır. AMEA və İİTKM arasında əməkdaşlıq ölkədə bilik iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcək”.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA rəyasət heyəti aparatının innovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və başqaları çıxış edərək imzalanacaq memorandumun gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə təkan verəcəyini bildiriblər.

Sonda AMEA ilə İİTKM arasında memorandum imzalanıb.

Sənədi akademik A.Əlizadə və V.Qasımlı imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.