ELM VƏ TƏHSİL
AMEA ilə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi arasında elmi əlaqələr müzakirə edilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin professoru Yevgeni Çulkov ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar, əldə edilən uğurlar barədə məlumat verib. Akademik müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını bildirib.
Görüşdən məmnunluğunu ifadə edən professor Y.Çulkov ikitərəfli elmi əlaqələrin inkişafındakı xidmətlərinə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib.
Akademik A.Əlizadə Azərbaycan elminin dünya elminə və təhsil sisteminə inteqrasiyasından danışıb, AMEA-da gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb.
Sonra AMEA və Donostia Beynəlxalq Fizika Mərkəzi arasında qeyri-üzvü materialşünaslıq və digər perspektiv istiqamətlər üzrə elmi əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.