ELM VƏ TƏHSİL
AMEA ilə İtaliyanın Milli Elmi Şurası arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik ilə nümayəndə heyətinin İtaliyaya səfəri davam edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və idarə heyətinin nümayəndələri ilə görüş olub. Görüşün keçirilməsinin məqsədi CNR ilə AMEA arasındakı əməkdaşlıq sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin olunması idi.
Görüşdə elmi əməkdaşlıq barədə sənədi akademik A.Əlizadə və CNR-in prezidenti, professor Massimo İnguisko, əməkdaşlıq proqramını isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri xanım Virjiniya Koda Nunziante imzalayıblar.
Akademik A.Əlizadə müasir çağırışları özündə əks etdirən, AMEA-nın elmi prioritet istiqamətləri üzrə (kök hüceyrələr “stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş təbliği və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlarını verib.
Müzakirələr zamanı İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.